Heydər Əliyevin neft strategiyası
20.09.2016Azərbaycanın neft hasilatı qədim və zəngin tarixə malikdir. Eramızdan min illər qabaq ibtidai üsullarla neft çıxarıldığı və karvan yolları ilə müxtəlif ölkələrə daşındığı faktlarla sübut olunur. Neftin sənaye üsulu ilə hasil edilməsinin, emalının, tankerlərlə, dəmir yolu ilə, boru kəmərləri ilə nəql edilməsinin, sahildə, açıq dənizdə və dənizin dərinsulu hisslərində neft yataqlarının neft və istismar olunmasının əsası Azərbaycanda qoyulmuşdur. Bakı neftçiləri həmişə neftin, qazın kəşfiyyatı, hasilatı, emalı və nəqli sahəsində çoxsaylı ideyaların generatoru olaraq tanınmış, misilsiz fədakarlıq göstərərək, ən mütərəqqi yenilikləri istehsalda tətbiq etmişlər. Lakin burası da bizə məlumdur ki, sovet dövründə, xüsusilə ikinci dünya müharibəsi ərəfəsində və ondan sonrakı illərdə Azərbaycanın neft sənayesi texniki inkişaf parametrləri üzrə birinciliyini əldən vermiş, get-gedə dünyanın neft hasil edən digər ölkələri ilə müqayisədə geriləmişdi. Bəs sonrakı illərdə nələr baş verdi? Ümummilli lider Heydər Əliyevin Azərbaycan neft sənayesinin modernləşməsində hansı tarixi rolu oldu?
1969-cu ildə birinci dəfə respublikamızın rəhbərliyinə gəlmiş Heydər Əliyev milli iqtisadiyyatda tarixən həlledici rol oynamış neft sənayesinin əvvəlki şöhrətini özünə qaytarmaq, mövcud təbii və intellektual potensialdan səmərəli istifadə etməklə bu sahənin dinamik inkişafına nail olmaq vəzifəsini qarşıya qoydu. Neft sənayesinin innovasiyasiyalar üçün münbit əmin olduğunu yaxşı bilən Heydər Əliyev özünəməxsus böyük uzaqgörənlik nümayiş etdirərək, Ümumittifaq neft sənayesini inkişaf perspektivlərinin təmin edən bir çox təsisatları – elmi-tədqiqat insitutlarını, istehsalat birliklərini, mühüm strateji müəssisələri Bakıda cəmləşdirdi. Məqsəd təbii ki, Azəbaycan neft təsuratının modernizasiyasını həyata keçirməkdən və respublikamızı yenidən iri neft mərkəzlərindən birinə çevirməkdən ibarət idi. Dünya neft sənayesinin gələcək inkişaf olunan məhz dənizdə neftçıxarma ilə bağlı olacağını irəlicədən görən ulu öndərin rəhbərliyi ilə bu istiqamətdə genişmiqyaslı fəaliyyətə başlanıldı.
Məlum olduğu kimi, 1970-ci ilə qədər Xəzər dənizində istifadə olunan texniki vasitələr dənizin cəmi 40 metrədək dərinliyində işləməyə imkan verirdi. Xəzərin Azərbaycan sektorunda bu dərinliklərdə olan perspektiv strukturlar isə, demək olar ki, bütünlüklə kəşf olunmuşdu. Buna görə əvvəlcə dənizin 70 metr dərinliyindən kəşfiyyat-axtarış işləri aparmağa imkan verən “Xəzər” tipli üzən qazma qurğuları alındı. Görülən tədbirlər tezliklə “Bahar“ və “Bulla-dəniz“ yataqlarının açılması ilə nəticələndi.
Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün ölkəmizin inkişaf etməsi üçün ən əsas amildir.
(Heydər Əliyev)
Xalqımızın ümummilli lideri az sonra qarşıya 200 metr və daha çox dərinliyində işləmək vəzifəsi qoydu. Böyük siyasi qətiyyət, iradə bahasına bu məqsədinə də nail oldu. 1970-1980-cı illərdə “Şelf“ tipli o dövr üçün müasir üzən qazma qurğularının respublikamıza gətirilməsi zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yaratdı. “Self“ tipli qurğular Azərbaycana uzun müddət xidmət etdi və müstəqillik dövründə “Dədə Qorqud”, “İstiqlal“ kimi daha modern qurğuların yaranması üçün təməl rolunu oynadı. Ulu öndər Heydər Əliyevin Azərbaycan neft sənayesinin müasirləşdirilməsi istiqamətində göstərdiyi xidmətlərdən danışarkən, Dərin Dəniz Özülləri zavodunun inşası xüsusi qeyd olunmalıdır. Bir-birinin ardınca kəşf olunan dəniz yataqlarında platformaların tikilməsi üçün nəzərdə tutulan və o dövrdə dünyada analoqu olmayan zavodun Bakıda yaradılmasına icazə alınması (əvvəlcə Həştərxanda tikilməsi nəzərdə tutulmuşdur), bu məqsədlə Sovet İttifaqının büdcəsindən böyük məbləğdə vəsaitin ayrılması, 1978-ci ildə əsası qoyulan sənaye nəhənginin 1984-cü ildə istismara verilməsi Heydər Əliyevin siyası müdrikliyinin, onun təşəbbüskarlıq və prinsipiallığının nəticəsində mümkün olmuşdu. Təsadüfi deyil ki, ulu öndərin adını ləyaqətlə daşıyan bu zavod indi də müstəqil dövlətimizin iqtisadi qüdrətinin möhkəmlənməsinə xidmət edir. Həqiqətən də Azərbaycanda həyata keçirilən qlobal enerji layihələrinin gerçəkləşməsində Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunun rolu danılmazdır.
Azərbaycanda hakimiyyətə möhtəşəm qayıdışının ardınca Heydər Əliyev dünya tarixində çox nadir bir layihəni həyata keçirməyə başladı. Bu, tarixə sonralar “Əsrin müqaviləsi“ kimi düşəcək möhtəşəm Bakı-Ceyhan neft kəməri layihəsi idi. Hələ 1993-cü ilin yayında Heydər Əliyev Azərbaycanın iqtisadiyyatının yenidən dirçəlməsinin əsas strateji istiqamətlərini müəyyənləşdirdi. O, çox uzaqgörənliklə ölkəmizin nəinki iqtisadi inkişafının, çiçəklənməsinin əsasını qoyan, həmdə onun suverenliyinə, müstəqilliyinə xidmət edən cəsarətli bir planın – Xəzər Neftinin dünya bazarına nəqlinə imkan verəcək Bakı-Ceyhan neft kəmərinin reallaşmasını həyata keçirmək üçün qətiyyətlə tədbirlər həyata keçirdi. Lakin xarici ölkələrin tanınmış neft şirkətləri ilə aparılan danışıqlar heç də asan keçmədi. Xəzər neftinin dünya bazarına nəqlini istəməyən bir çox ölkələr Heydər Əliyevin planının həyata keçirməsinə mane olmaq üçün müxtəlif cəhdlərə baş vururdular. Bütün bunlara baxmayaraq, Heydər Əliyev aparıcı neft şirkətlərinin böyük hissəsinin rəhbərlərinin Xəzər neftinin dünya bazarına nəqli məsələsinin real olduğuna inandıra bildi. Nəticədə 1994-cü il sentyabr ayının 20-də dünya tarixində yalnız Süveyş kanalının çəkilməsi ilə müqayisə edilə biləcək bir hadisə baş verdi. Gülüstan sarayında ABŞ-ın “Pennzoil“, “AMOKO”, “Yunokal“, “McDermott“, Böyük Britaniyanın “BP”, Norveçin “Statoyl“ Türkiyənin “TPAO” və Səudiyyə Ərəbistanın “DeLta“ şirkətləri ilə Azərbaycan arasında hökumət “Əsrin müqaviləsi“ adını alan anlaşma imzalandı. Anlaşmaya əsasən “Azəri“, “Çıraq“, “Günəşli“ yataqlarından çıxarılacaq neft Bakı-Ceyhan neft kəməri ilə dünya bazarına nəql edilməli idi. Amma kəmərin reallaşmasının əleyhinə çıxan qüvvələr də yatmamışdılar. Onlar “Əsrin müqaviləsi“ nin imzalanmasından sonra o dövrdə Milli Məclis sədrinin birinci müavini işləyən Afiyəddin Cəlilovun və xüsusi idarənin rəisi Şəmsi Rəhimovun qətlini təşkil etdilər. Oktyabr ayında isə ölkəmizə düşmən olan qüvvələr “Əsrin müqaviləsi“nin həyata keçirilməsinə mane olmaq üçün baş nazir Surət Hüseynovun əli iə qiyam qaldırıldı. Lakin Heydər Əliyev qətiyyətli hərəkətlərilə qiyamın qarşısını aldı. “Əsrin müqaviləsi“ndən 2-3 il sonra Azərbaycan neftinin dünya bazarına nəqlinə imkan verən Bakı-Novorossiysk və Bakı-Supsa kəmərləri işə düşdü. Bəli, Heydər Əliyevin şah əsəri olan “Əsrin müqaviləsi“nin imzalanması Azərbaycan xalqının iqtisadi cəhətdən çiçəklənməsinə, dirçəlməsinə gətirib çıxartdı. Qısa müddət ərzində ölkə iqtisadiyyatına milyardlarla dollar xarici investisiya qoyuldu və Azərbaycan xalqı hələ uzun illər boyu Heydər Əliyev dühasının məhsulundan, “ Bakı-Ceyhan“ dan bəhrələnəcək.
Xəzərin Azərbaycan sektorunda neft və qaz ehtiyatlarının istismarı ildən-ilə genişlənir və bunun nəticəsində Azərbaycan özünün enerji təhlükəsizliyini tam şəkildə təmin etmişdir. Dünyanın enerji təminatında da ölkənin xüsusi çəkisi və strateji əhəmiyyəti yüksəlir. Eyni zamanda Şahdəniz yatağında qazın istismarının genişlənməsi ilə əlaqədar Azərbaycan özünün daxili tələbatını tam ödəməklə bərabər, bu mavi yanacaq növünün beynəlxalq bazarlara ixrac etmək imkanını əldə etmişdir. Qaz nəqliyyat infrastrukturunun, xüsusilə də Bakı-Tibilisi-Ərzurum qaz boru kəmərinin fəaliyyəti sayəsində Azərbaycan Qərbin mühüm qaz ixracatçısına və qlobal enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilmişdir.
Milli Neft Strategiyasının uğurla reallaşması şəraitində karbohidrogen ehtiyatlarının xarici şirkətlərlə birgə istismarı və ixracı ildən ilə genişlənir və bunun sayəsində dövlətimizin valyuta daxilolmaları sürətlə artmaqdadır. Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyada birincidir, əhəmiyyətli regional və beynəlxalq layihələrin də iştirakçısıdır. Dünya iqtisadi sisteminə inteqrasiya olunma nəticəsində neft gəlirlərinin idarə edilməsi sahəsində iqtisadiyyatda ən yaxşı təcrübələrin tətbiqinə yol açıldı. Bunla əlaqədar neft strategiyasının məntiqi davamı olaraq Azərbaycana daxil olan böyük neft gəlirlərinin toplanması və məqsədyönlü şəkildə istifadəsini təmin etmək məqsədi ilə 1999-cu ildə ulu Öndər Heydər Əliyevin Fərmanı ilə Dövlət neft Fondu yaradıldı. Neft Fondunun yaradılması ilə neft sərvətlərinin nəsillər arasında ədalətli bölgüsü, onların səmərəli və məqsədyönlü şəkildə idarə edilməsi üçün əsaslı təminat quruldu.
Yaradılarkən 271 milyon ABŞ dollarına bərabər olan Dövlət Neft Fondunun aktivlərinin həcmi hazırda 10 milyard ABŞ dollarını keçmiş və ildən ilə bu vəsait artacaqdır. Bu da, milli neft strategiyasının reallaşmasının uğurlu nəticəsi kimi dəyərləndirilməlidir.
Dövlətin artan maliyyə imkanları hesabına ölkədə mühüm investitsiya, o cümlədən regional proqramların və infrastruktur layihələrin maliyyələşdirilməsinə şərait yaranmışdır. Son illər ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rəhbərliyi altında həyata keçirilən dövlət proqramları və tədbirlərin icrası çərçivəsində ölkənin bütün bölgələrində və Bakı şəhərində müxtəlif infrastruktur layihələri həyata keçirilir, təhsil, sosial və digər obyektlərin inşası uğurla davam etdirilir. İnsanların həyat səviyyəsinin və sosial vəziyyətinin yaxşılaşdırılması, sosial məsələlərinin həlli, yoxsulluğun azaldılması istiqamətində mühüm işlər görülür, əhalinin pul gəlirləri artmaqdadır. Ölkənin maliyyə potensialının artmasl nəticəsində qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi üçün əlverişli zəmin yaranmışdır. Bununla əlaqədar möhtərəm Prezident cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi kursun prioritet istiqaməti olaraq Azərbaycanda neft sektoru ilə bərabər qeyri-neft sektorunun inkişaf etdilməsinə bu gün xüsusi diqqət yetirilir. Bu məqsədlə artan neft gəlirləri, o cümlədən Neft Fondunun vəsaiti hesabına ölkədə mühüm infrastruktur və sosial yönümlü layihələrin maliyyələşdirilməsi həyata keçirilir və ölkənin iqtisadi inkişafının stimullaşdırılmasında, strateji əhəmiyyətli dövlət proqramları və layihələrin maliyyələşdirilməsində, eləcə də, regiona investitsiya qoyuluşunun təmin edilməsində Dövlət Neft Fondunun rolu ildən ilə artır.
İnfrastruktur layihələrin və regional inkişaf proqramlarının uğurla həyata keçirilməsi sayəsində ölkəmizin iqtisadi inkişafı üçün güclü baza formalaşdırılır. Azərbaycanın hər bir bölgəsində yeni, müasir tələblərə cavab verən infrastruktur yaradılır, elektrik stansiyaları tikilir qaz və su kəmərləri çəkilir, yollar salınır. İnfrastrukturun yeniləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər eyni zamanda insanların rahatlığı, firavan yaşayışı üçün həyata keçirilən sosial yönümlü tədbirlərin mühüm tərkib hissəsidir.
Artan neft gəlirləri hesabına ilk növbədə sosial siyasət sayəsində o, cümlədən az təminatlı təbəqələrin, qaçqın və məcburi köçkünlərin social-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də, saysız tədbirlər həyata keçirilir və Dövlət fondundan ilk vəsait məhz bu tədbirlərin maliyyələşdirdiyi layihələr sırasında Bakının su təchizatı ilə bağlı problemlərin əsaslı şəkildə həllini təmin edəcək Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihələri mühüm yer tutur və bu layihələrin reallaşması neft strategiyasının məntiqi davamı kimi qəbul edilir. Belə ki, neftin ixracını təmin edəcək Bakı-Tibilisi-Ceyhan əsas ixrac boru kəməri ilə ixrac olunan neftin satışından əldə edilmiş gəlirlər su və digər infrastruktur layihələrinin həyata keçirilməsinə yönəldilir və bununla da, neft gəlirlərinin xalqın rifah halının yaxşılaşdiirlması naminə istifadəsi təmin edilir.
Eyni zamanda neftdən əldə edilən gəlirlər hesabına bu gün ölkənin kadr potensialının artırılması istiqamətində də, mühüm tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biri kimi, Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının “reallaşdırılması nəticəsində ölkəmizdə müasir tələblərə cavab verən kadr potensialının yaradılmasına, gənc nəslin təhsil səviyyəsinin artırılmasına və beynəlxalq səviyyəyə çatdırılmasına şərait yaranacaqdır. Bu proqramın ilk növbədə Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilməsi “qara qızılın insan kapitalına çevrilməsi “ideyasının reallaşmasına doğru atılmış strateji bir addımdır.
Milli neft strategiyasının uğurlarının nəticəsi olaraq Azərbaycanın regionun lider dövləti, eləcə də regional və qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından biri kimi tanınmasına şərait yaranmışdır. Bu gün ölkəmizdə əldə edilən bütün iqtisadi uğurların başlanğıcında məhz milli neft strategiyası, bu strategiyanın ilk şanlı səhifəsini və təməl daşını isə məhz “Əsrin müqaviləsi“ təşkil edir. Bununla əlaqədar əminliklə demək olar ki, olduqca güclü olan bu təməl əsasında Azərbaycan iqtisadiyyatı bundan sonra daha sürətli inkişaf edəcək və xalqımızın maddi-rifah halı ildən ilə daha da yaxşılaşacaqdır.
“Azpetrol LTD“ MMC-nin baş direktoru
Ceyhun Əhməd oğlu Məmmədov