Premium benzinin qiymətinin qalxması aztəminatlılara təsir etmir
31.01.2017Premium markalı yanacağın qiymətinin qalxması ilə əlaqədar olaraq istər KİV-də, istərsə də sosial şəbəkələrdə müzakirələr aparılır. Onu da qeyd edək ki, Premium yanacağının qiymətinin qalxması avtomobil sürücülərinin çox az qisminə təsir edir. Bunun da əksər hissəsi mühərrik həcmi 5000 kub metrdən artıq olan avtomobillərə aiddir. Çünki oktan ədədi 95-dən yuxarı olan benzindən ancaq EN-228 (avro-4,avro-5) standartlarına hesablanmış avtomobillər istifadə edirlər.
Onu da nəzərinizə çatdırırıq ki, respublika üzrə satılan benzinin yalnız 2-3%-ni Premium yanacağı təşkil edir. Bu da göründüyü kimi hiss edilməyən bir rəqəmdir.
Bildiyiniz kimi Premium yanacağı xaricdən – konkret olaraq Yunanıstandan, İtaliyadan, Rumıniyadan alınır və EN-228 standartlarına tamamilə uyğun bir benzindir.
Bəziləri də Premium benzinin qiymətinin qalxmasını ərzaqların da qiymətinin qalxması ilə müşayiət olunacağını qeyd edirlər. Amma bu yanlış fikirdir. Çünki marketlərə istehlak malları daşıyan maşınlar Premium benzinindən qətiyyən istifadə etmirlər. Bir daha nəzərinizə çatdırırıq ki, Premium benzini yalnız mühərrikinin həcmi 5000 kub metrdən artıq olan avtomobillər üçündür. Yəni bu benzinin qiymətinin qalxması aztəminatlı ailələrə əsla təsir etmir.